(21 noyabr, 2009-cu il)

Böyük İslam rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin  Allah hərəminin hacılarına müraciəti Bismillahir-Rəhmanir-Rəhim. Həcc mövsümü mənəviyyatın baharı və dünya səmasında tövhid günə

Böyük İslam rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin 
Allah hərəminin hacılarına müraciəti
Bismillahir-Rəhmanir-Rəhim.
Həcc mövsümü mənəviyyatın baharı və dünya səmasında tövhid günəşinin parlamasıdır. 
Həcc mərasimi hacıları günah və qəflət çirklərindən paklayan, ilahi fitrətin nuraniliyini insanın ruhuna, canına qaytaran bir zülal çeşməsidir. 
Həccə məxsus müəyyən ehram məkanlarında fərqlilik və şöhrət libasını çıxarıb hamılıqla eyni rəngli ehram libasını geymək, İslam ümmətinin birlik simvolu və bütün dünya müsəlmanlarını vəhdətə çağırış rəmzidir. 
Həcc şüarı bir tərəfdən "...və sizin məbudunuz bir olan Allahdır. (Elə isə) Yalnız Ona təslim olun. (Ey Rəsulum) İtaətkarlara müjdə ver" ("Həcc", 34) - ayəsini, digər bir tərəfdən isə "...və Məscidül-haramı istər orada yaşayanlar, istərsə də uzaqdan gələn insanlar üçün bir etdik" ("Həcc", 24) - ayəsini özündə əks etdirir.
Bu baxımdan Kəbə evi tövhid kəlməsinin nümayəndəliyi rolunu ifa etməkdən əlavə, həm də söz birliyi, qardaşlıq və İslami bərabərliyin təzahürüdür. 
Kəbə evini təvaf etmək və əzəmətli Peyğəmbərimizin (s) hərəmini ziyarət şövqü ilə dünyanın dörd tərəfindən bura toplaşmış müsəlmanlar İslam ümmətinin bir çox böyük dərdlərinin dərmanı olan öz aralarındakı qardaşlıq bağlarını möhkəmlətmək üçün bu fürsəti qənimət saymalıdırlar. Bu gün açıq-aşkar görürük ki, İslam dünyasının bədxahları müsəlmanlar arasında parçalama siyasətini keçmişdəkindən daha artıq şəkildə həyata keçirirlər. Halbuki bu gün İslam ümməti daha çox birlik və yekdilliyə ehtiyaclıdır. Bu gün düşmənlərin qanlı pəncəsi İslam torpaqlarının müxtəlif nöqtələrində aşkarcasına faciələr yaratmaqdadır. Fələstin, sionistlərin xəbis pəncəsi altında hər keçən gün daha artıq dərd-ələmlər, faciələr içindədir. "Məscidül-Əqsa" bu gün ciddi təhlükə ilə üz-üzədir. Qəzzənin məzlum xalqı, o görünməmiş qətliamdan sonra, hələ də ən çətin şəraitdə yaşayır. Əfqanıstan işğalçıların çəkməsi altında hər gün yeni-yeni müsibətlərə, əzilmələrə məruz qalır. İraqda təhlükəsizliyin olmaması camaatın əlindən rahatlığı almışdır. Yəməndə baş verən qardaş qırğını isə İslam ümmətinin qəlbinə yeni bir dağ çəkmişdir. 
Dünyanın bütün müsəlmanları son illərdə İraq, Əfqanıstan və Pakistandakı fitnələr, müharibələr, partlayışlar, terror aktları, kor-koranə qətllərin necə və harada planlaşdırılıb hazırlanması üzərində dayanmalı, düşünməlidirlər.
Nə üçün Amerikanın sərkərdəliyi ilə amiranə şəkildə zorla regiona daxil olmuş Qərb qoşunlarından öncə millətlər bütün bu müsibət və faciələri yaşamırdılar?! İşğalçılar bir tərəfdən Fələstin, Livan və digər xalqların müqavimət hərəkatını terrorçuluq adlandırır, digər tərəfdən isə region xalqları arasında vəhşicəsinə məzhəb və tayfa terrorçuluğunu təşkil və ona rəhbərlik edirlər.
Orta şərq və şimali Afrika xalqları uzun müddət bir əsrdən çox ingilis, fransız və digər Qərb dövlətlərinin əlində, daha sonra isə Amerikanın əlilə istismar, işğal və təhqir olunmuşlar. Bu ölkələrin təbii sərvətləri qarət olunmuş, onların azadlıq ruhiyyələri boğulmuş və millətləri yadelli təcavüzkarların tamahının əsiri olmuşdur. 
Ondan sonra islami oyanış, dirçəliş və xalqların müqavimət hərəkatı başladı. Bu isə beynəlxalq təcavüzkarların əl-qolunu bağlamış oldu. Şəhadət, Allaha doğru merac və Allah yolunda cihad, misilsiz bir amil kimi islami cihad meydanında yenidən zahir oldu. Bunu görən düşmənlər ziynətlənmiş vasitələrə əl atmaqla (hiyləgərlik işlədərək köhnə iş metodlarını dəyişərək) yeni istismar yoluna keçdilər. 
Amma bu gün çoxüzlü istismar divi İslamı diz çökdürmək üçün var gücünü işə salmışdır. Bu yolda nizami qüvvələr, dəmir pəncə və birbaşa işğaldan tutmuş şeytani zəncirvari təbliğatlar aparmağa, minlərlə yalan və şayiə yaymağa, həmçinin terror qrupları təşkil etməkdən tutmuş amansız qətllərə, fitnə-fəsada çəkən əxlaqsız vasitələrə, narkotik maddələri geniş səviyyədə yaymağa, gənclərin ruhiyyəsini, iradəsini, əxlaqını pozmağa, həmçinin müqavimət mərkəzlərinə hərtərəfli siyasi hücumlardan tutmuş millətlər arasında kin-küdurət, firqə təəssübkeşliyi və qardaşlar arasında düşmənçilik toxumunu səpməyə qədər bütün vasitələrdən istifadə edirlər. 
Əgər müsəlman xalqları, məzhəbləri və tayfaları arasında məhəbbət, hüsnü-zənn və qəlb həmrəyliyi, düşmənlərin arzusu olan bədbinliyin yerini tutarsa, bədxahların tədbir və planlarının çox hissəsi zərərsizləşdirilmiş olar və onların müsəlman ümmətinə hakim olmaq üçün cızdıqları gündən–günə artan hiyləgər planları nakam qalar.
Həcc mərasimi bu ali hədəfə çatmaq yolunda gözəl, ən geniş fürsətlərdən biridir. 
Müsəlmanlar öz aralarında Quran və sünnənin göstərdiyi müştərək əsaslara əsasən biri-biri ilə həmkarlıq edərkən güclənəcək və riyakar, saysız-hesabsız sifətlər dəyişən bu şeytan müqabilində dayanacaq, onu öz iradə və imanlarına təslim edəcəklər. 
İran İslam Respublikası, dahi İmam Xomeyninin (r) təlimlərinə itaət etməklə bu müvəffəq müqavimətin aşkar nümunəsi oldu. Onlar bizim qarşımızda məğlub oldular. Otuz il düşməncəsinə hiylə və planlarına, siyasi çevriliş və səkkiz illik müharibədən tutmuş, blokada və malların müsadirəsinə, psixoloji müharibələrə və informasiya vasitələrinin elmi-texniki tərəqqimizin qarşısını almaq, həmçinin yeni elmi nailiyyətlərə, o cümlədən atom nüvə enerjisinin əldə edilməsinə mane olmaq üçün əleyhimizə təşkilatlanmasına, hətta son zamanlar şəffaf şəkildə təşkil olunmuş prezident seçkilərinə açıq-aşkar dəxalət etmək və neçə-neçə bu kimi səylərinə baxmayaraq düşmən bütün məqamlarda məğlub olmuş və sərgərdan qalmışdır.
Bu mənada "Həqiqətən də şeytanın hiyləsi zəifdir" ("Nisa", 76) - ayəsi iranlıların nəzərində yenidən canlandı. Dünyanın hər hansı bir məntəqəsində də tamahkar təcavüzkarlara qarşı xalqın iman və əzmindən qaynaqlanan müqavimət, möminlərin tam qələbəsi, sitəmkarların isə rüsvayçılığı və məğlubiyyəti ilə nəticələndi. 33 Livanın günlük müqavimətinin qələbəsi, son üç ildə Qəzzə xalqının düşmən müqabilində iftixarlı cihadı və qələbəsi bu həqiqətin canlı şahididir. 
Mən xoşbəxt hacıların hamısına, xüsusilə də həccə gəlmiş İslam ölkələrinin alim, xətib və natiqlərinə, "Məscidül-Həram" və "Məscidün-Nəbi"nin imam cümələrinə tövsiyə edirəm ki, vəziyyəti düzgün təhlil etməklə öz bü günkü konkret və dəqiq vəzifələrini tanısınlar. Var gücləri ilə İslam düşmənlərinin təxribatlarını öz dinləyicilərinə çatdırıb, camaatı birliyə, mehribanlığa dəvət etsinlər. Müsəlmanların bir-birinə qarşı sui-zənninə səbəb olan əməllərdən çəkinsinlər. Bütün enerji və fəryadlarını dünyaya ağalıq iddiasında olan İslam ümmətinin düşmənləri, fitnələrin başı olan Amerika və İsrailin üzərinə yağdırsınlar, müşriklərə qarşı olan nifrətlərini həm dil, həm də əməldə göstərsinlər. 
Allah-taaladan özümə və sizlərə Onun hidayət uğur, kömək və rəhmətini diləyirəm. 
Allahın salamı sizlərə olsun!
Seyid Əli Hüseyni Xamenei.
Zilhəccə ayının, 3-ü, 1430-cu il 
(21 noyabr, 2009-cu il).
 
 


| شناسه مطلب: 11418